“Satılmayan və ixracatçıya geri qaytarılan mallar üzrə İdxal gömrük rüsumunun hər hansı bir formada kompensasiya olunması, sahibkarlıq fəaliyyətinin inkişafına əlavə dəstək kimi qiymətləndirilə bilər”.
“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının (AFRA) sədri Fərid Novruzi Azərbaycan Nəqliyyat Ekspeditor Şirkətləri Assosiasiyasının (ANEŞA) sədri Kamran Həbibovla görüşündə deyib.
O bildirib ki, ölkəyə idxal olunan və əlavə dəyər vergisi (ƏDV) hesablanan geyim malları bəzən ixracatçıya geri qaytarılır. Assosiasiya üzvlərinin təklifi həmin mallar üzrə hesablanan İdxal gömrük rüsumunun kompensasiya olunmasından ibarətdir. Bundan əlavə, təkrar ixrac əməliyyatlarında Nəqliyyat Ekspeditor Şirkətləri Assosiasiyası üzvlərinin iştirakı logistika fəaliyyəti ilə məşğul olan şirkətlər üçün həm əlavə həcm, həm də, yeni fəaliyyət növü deməkdir. Bununla da, nəqliyyat şirkətləri yük daşımalarının həcmini və istiqamətini genişləndirmək imkanları əldə edə biləcəklər.
ARFA və ANEŞA məsələnin həlli üçün birgə təkliflər paketinin hazırlanması və Dövlət Gömrük Komitəsinə (DGK) birgə müraciət haqqında razılığa gəliblər.
Həmçinin, sözügedən Assosiasiyalar arasında əməkdaşlıq haqqında saziş imzalanıb.